Allah bir çox insanları dinin mənafeyi baxımından xidmətlərlə və başqa işlərlə vəzifələndirə bilər. Həmin adamlar mömin də ola bilər, dini inkar edənlər də. Belə ki, şeytanların Hz.Süleymana xidmətçi olaraq təyin edilməsi Quranda bildirilən açıq həqiqətdir. İstər möminin, istərsə də dini inkar edən insanların hər biri hər hansı bir işin yerinə yetirilməsində bir vasitədir. Yeganə güc və iradə sahibi yalnız Allahdır. Allah da İslam dinini dünyada bir sıra sınaqlardan keçirməklə qüvvətləndirəcək və hakim edəcək. Allah Öz ayələrində bütün bu həqiqətlərdən xəbərsiz olub müsəlman olduqlarına görə özlərini qiymətli varlıq kimi görənlərdən, müsəlman olmalarını İslam dini və elçi üçün böyük qazanc, Allahın lütfü kimi göstərənlərdən bəhs edir:
“Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!”” (Hucurat surəsi, 17).
Ayədə də qeyd edildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslamı qəbul edən insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər.
Allah Quranın müxtəlif ayələrində İslama xidmət edən insanları Onun qəbul etdiyi əxlaqı yaşamağa çalışmayacaqları təqdirdə, onları daha xeyirli insanlarla dəyişdirə biləcəyindən bəhs edir. Bü düşüncəyə malik olan insanlar həmin ayələrin hökmünü pozmaqdan qorxmalı, bu xəbərdarlığı daha çox özlərinə aid etməlidirlər. Səmimi iman və niyyətlə, Allahın razılığından başqa heç bir şeyi ummadan İslama xidmət edən insanın savabını isə Allah mütləq verəcəkdir.