Şeytan insanların sosial təbəqələrinə, mədəniyyət və zəka səviyyələrinə əsaslanaraq, onların nəfs və həvəslərinə ən çox uyğun olan mövzuları təlqin edir və daim boş danışıqlara sövq edir. Məsələn, olduqca aşağı mədəni səviyyəyə malik olan insanlar arasında daha çox onların öz sözləri ilə desək, “yarış sevgisi”, “cavanlıq sevgisi”, “uşaq, yemək və ev sevgisi» adlandırılan mövzuları önə çəkir. İş dünyasını əhatə edən hər növ iqtisadi, birja, faiz kimi digər mövzular insanların bütün gündəlik həyatlarında onların vaxtını alan məsələlərdir. Özünü ziyalı, intellektual, mədəni göstərmək istəyən bir qrup insan da öz aralarında müxtəlif siyasi, sosial mövzularda, bu günə qədər heç bir konkret faydası olmayan müzakirə və danışıqlarda vaxtlarını boş yerə sərf edir, bununla da çox mühüm məsələləri həll etdiklərini zənn edirlər. Çox vaxt televiziyadakı dəyirmi masalarda heç bir nəticə əldə edə bilməyəcəklərini və bunların mənasız olduğunu bildikləri halda, saatlarla yalnız özlərini nümayiş etdirmək, özlərini cəmiyyətə və ətrafdakılara düşünən, problemləri həll edən insanlar kimi göstərmək məqsədilə müzakirələr aparırlar. Yüksəlməyə, irəli keçməyə çalışaraq müxtəlif məqsədlərinə çatmağa can atırlar. Din mövzusu ilə bağlı müzakirələr zamanı bəziləri həmin boş və məqsədsiz danışıq mühitini dinə qarşı təzyiq etmək, kin və nifrətlərini bildirmək üçün fürsət sayırlar. Allah Öz ayələrində bu davranışlardan belə bəhs edir:
“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir” (Loğman surəsi, 6).
Boş danışıq inkarçıları fərqləndirən xüsusiyyət olduğu kimi, boş danışıqlara məhəl qoymamaq, bundan narahat olmamaq da möminlərə xas olan xüsusiyyətdir:
“O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər” (Furqan surəsi, 72).
“Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” - deyirlər” (Qəsəs surəsi, 55).
Şeytan hər azğın mövzuda olduğu kimi, Qurandan kənar cahil vərdişləri də məqbul örtüklər altında möminlərin həyatına daxil etməyə çalışacaq, möminlərin boş olduqları vaxtın gəlməsini gözləyəcək. Buna görə də mömin hər zaman ayıq-sayıq olmalı, belə vəziyyətlə qarşılaşdığı zaman aldanmamalı dərhal Allahın xatırlandığı şəraiti təmin etməlidir. Mömin inkarçıların cəhalət, ağılsızlıq, boş danışıq kimi kiçik və bəsit olmağın göstəricisi olan vərdişlərini və əxlaq xüsusiyyətlərini heç vaxt özünə yaraşdırmamalıdır.
Cənnətdə möminin ruhunu sıxıb narahat edən hər bir əziyyət kimi boş danışığın da olmaması çox böyük nemətdir:
“Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir. Onlar orada boş (lağlağı) söhbətlər deyil, ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam oradadır” (Məryəm surəsi, 61-62).