Cahiliyyə əxlaqına aid olan belə davranışları Allah möminlərə qadağan etmişdir. Allahın bu hökmü Quranda belə bildirilir:
“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!” (Hucurat surəsi, 11).
Möminlər Quranın bu hökmünə əsasən bir-birinə çox hörmətlə yanaşırlar. Çünki mömin insan, Allahın ruhunu daşıyan, Allahın bir çox xüsusiyyətlərini özündə əks etdirən, Quranın bir çox yerlərində mədh edilmiş, sonsuz mükafatla müjdələnmiş varlıqdır. Möminlər bir-birinə Quranda göstərilən şəkildə baxmalı və bir-birinə yüksək əxlaqla yanaşmalıdırlar. Çünki əks təqdirdə, Allahın bu hökmünə etinasız yanaşan insan həmin ayənin sonunda göstərilən «iman gətirdikdən sonra fasiq adını qazanmaq» təhlükəsi ilə qarşılaşa bilər. Əgər insan tövbə edib bu davranışını düzəltməsə, o, həmin ayədə bildirildiyi kimi, zalımlardan olar. Zalımlıq isə Quranda iman gətirməyənlər üçün istifadə edilən terminlərdən biridir. Sözlə, ləqəb qoymaqla yanaşı, müxtəlif mimika və hərəkətlərlə də lağ etmək olar. Allahın «Huməzə» surəsindəki qaş və göz ifadələri ilə lağ edənlərlə bağlı xəbərdarlığını düşündükdə, lağ etməyin Allah dərgahında nə qədər böyük günah olduğu daha yaxşı aydın olur:
“Qeybət edib göz-qaş hərəkətləri ilə tənə vuran hər kəsin vay halına!” (Huməzə surəsi, 1).
Belə davranan insanın ayənin davamında göstərilən aqibəti lağ etməyin möminlər üçün son dərəcə arzuedilməz və çəkinilməsi lazım olan hərəkət olduğunu daha aydın şəkildə ortaya qoyur:
“Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!” (Huməzə surəsi, 4-9).
Mömin başqa bir möminin səhvini üzə çıxararkən də ona lağ edirmiş, onu ələ salırmış kimi davranmamağa və bu davranışla onun qəlbinə dəyməməyə diqqət etməlidir. Belə halda qarşı tərəfin səhvini üzə çıxarıb ona bildirən insan, özünü qarşısındakından daha ağıllı hesab etməsi, özünü səhvsiz görməsi yanlış hərəkət olar. Halbuki, insanın başqasının xəta, nöqsan və ya mənfi cəhətlərini üzə çıxarıb ona lağ etməsi, həmin insanın daha ağıllı, daha üstün olduğunu göstərməz. Hətta ayədə göstərildiyi kimi, bəlkə də lağ edilən insan Allahın dərgahında lağ edən insandan daha xeyirli və daha üstündür. Ayənin hökmünə hörmət etməyərək lağ edən insanın isə şüurlu olmadığı, əksinə, ağlının olmadığı şübhəsizdir. Həmin insan bu hərəkətindən əl çəkməyib xudbin davranışlarını davam etdirsə, o, başqa ayədə də bildirildiyi kimi, «azğın» insana çevrilə bilər.