Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. İnsan mal-mülk, var-dövlət, zənginlik, mövqe, məqam, vəzifə, etibar, zəka, sağlamlıq, güc kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur.
Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları ibadətdir. Həmin ayələrdən bəziləri belədir:
“Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!” (Zumər surəsi, 66).
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!” (Nəhl surəsi, 114).
Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır.
Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu ortaya çıxarmaq üçün yaradılmış imtahan vasitəsidir. Bu mühüm həqiqət Hz.Süleymanın dilindən Quranda belə bildirilir:
“Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, O, kərəm sahibidir!”” (“Nəml” surəsi, 40).
Hz.Süleymanın Quranda keçən ifadələrindən bizə o da məlum olur ki, şükür etmək Allahın çox böyük nemətidir və insan yalnız Allahın lütfü və diləməsilə şükür edə bilər. Hz.Süleymanın şükür etməklə bağlı özündə çox böyük sirri ehtiva edən duası ayədə belə bildirilir:
“(Süleyman) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!”” (Nəml surəsi, 19).
İman və bütün saleh əməllər kimi şükür etməyin də Allahın ilhamı ilə olduğu ayədə açıq bildirilmişdir.
Vicdanı olan insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bu nemətlərə hər hansı qüvvənin köməyi ilə deyil, yalnız Allahın diləməsi ilə qovuşa biləcəyini dərk edir. İnsanın özünə aid hesab etdiyi bədəni, ağlı, zəkası, hissləri, sağlamlığı və gücü də həmin nemətlərin yalnız bir hissəsidir.
Bu səbəbdən şükür etmək yalnız müəyyən zamanlarda böyük qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya təhlükədən sağ-salamat xilas olduqda dilucu “Əlhəmdülillah, Allaha çox şükür” demək deyil. Şükür hər zaman bütün qəlblə yaşanacaq ruh halıdır. Çünki Allahın nemətlərini saymaqla, ayənin ifadəsi ilə desək, hətta ümumiləşdirmə aparmaqla belə bitirmək mümkün deyil:
“Əgər Allahın nemətlərini sayacaq olsanız, onu ümumiləşdirmə apararaq da sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Nəhl surəsi, 18).
Allahın nemətlərinə şükür etməmək və ya az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük hiylədir. Şeytan həmişə insanları şükür etməkdən uzaqlaşdırmaq istəyir. Ayələrdə bu azdırma şeytanın dilindən belə bildirilir:
“Dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”” (“Əraf” surəsi, 16-17).
Məlum olduğu kimi, şeytanın yalnız bir məqsədi var: insanların şükür etmələrinə mane olmaq. Şeytan bu məsələdə əksər insanları öz təsiri altına almışdır:
“...Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!” (Yunus surəsi, 60).
Şeytanın insanlara xüsusən şükür etməklə bağlı yaxınlaşacağını ifadə etməsi həmin ibadətin çox vacib və mühüm olduğunu göstərir. Şübhəsiz ki, bu qədər mühüm ibadətdən imtina edərək nankorluq etməyin Allah dərgahındakı əvəzi də buna uyğun olacaq:
“Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən, şiddətlidir!”” (İbrahim surəsi, 7).